Məhəmməd Salah dünya çempionatında iştirak edəcək
Misirli futbolçu Məhəmməd Salah Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onun zədəsinin tam sağalması üçün 3-4 həftə vaxt lazımdır.
Ulduz oyunçunun həkimi Ruben Pon onun XXI mundialın ilk iki matçına çıxmayacağını bildirib. Həmin oyunlarda - iyunun 15-də Misir yığması Uruqvayla, 4 gün sonra isə Rusiya ilə qarşı-qarşıya gələcək. Məhəmməd Salah ən yaxşı halda "A" qrupundakı sonuncu görüşdə - Səudiyyə Ərəbistanı ilə qarşılaşmada meydanda görünə bilər.
Xatırladaq ki, hücumçu Avropa Çempionlar Liqasının finalında çıxış etdiyi İngiltərənin "Liverpul" klubunun İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşmasında Serxio Ramosla toqquşmada ağır zədə almış və meydanı göz yaşları içində tərk etmişdi. İspanların 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Məhəmməd Salahın dünya çempionatına qatılmaq şansı sual altına düşmüşdü.
Misirli ulduz "Liverpul"un heyətində ötən mövsüm sahəyə çıxdığı 52 oyunda 44 qol vurub.