Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi qeyd olunub

"Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət onların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlib".

 

APA TV-nin məlumatına görə, bu barədə prezident İlham Əliyevin Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunun iştirakçılarına təbrik məktubunda deyilir.

 

Məktubu Forumda Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

 

"Azərbaycan rəhbərliyi üçün prioritet vəzifə ictimai həyatın bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsidir". Birinci vitse-prezident Mehriban Əliyevanın forum iştirakçılarına təbrik məktubu isə bu sətrilərlə başlayıb. Məktubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, bu gün qadınlar Azərbaycan cəmiyyətinin inkişafına xüsusi töhfələrini verirlər: "Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusilə də qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı yüz qırx üç mindən çoxdur: "Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə resurslarının əldə edilməsi, bu sahədə bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır. Bu baxımdan qadınların peşə hazırlığı, sahibkarlıq fəaliyyəti haqqında geniş bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsi vacibdir".

 

Konfrans çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı