Kürdəmirdə ferma ikinci dəfə yandı
Kürdəmirdə ferma bir ildə ikinci dəfə yanıb. APA TV-nın yerli bürosunun xəbərinə görə, rayonun Qarabucaq kənd sakini, 1952-ci il təvəllüdlü Şiraslan Savalan oğlu Bünyatova məxsus ümumi sahəsi 440 kvadrat metr olan fermada gecə saatlarında güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı fermanın 30 kvadrat metri və 25 ton ot bağlaması yansa da, yanğınsöndürənlərin səyi nəticəsində fermanın və otun qalan 5 ton hissəsi yanğından mühafizə olunub.
Fermer Ş.Bünyatov iddia edir ki, yanğın qəsdən törədilib. Onun dediyinə görə, bu fermada analoji hadisə 2017-ci ilin may ayında da baş verib. Ötən il baş verən yanğında 1600 bağlama, təxminən 20 ton ot yanmışdı.
Zərərçəkən məlum hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verdiyini deyir. Faktla bağlı araşdırma aparılır.