Polis rəisi: "Narkoman ailəsinin faciəsinə çevrilir"

Maştağa qəsəbəsindəki 209 saylı tam orta məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə 100-dən çox müəllim və şagird, valideyn, Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) zabit heyəti, Rayon İcra Hakimiyyəti (RİH) və hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil mütəxəssisləri, həkim-narkoloq iştirak edib.

 

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.

 

Çıxış edənlər narkomaniyanın yayılma səbəbləri, törətdiyi təhlükələr, narkomaniyaya qarşı mübarizə, erkən nikahların baş vermə səbəbləri və nəticələri haqqında şagirdləri məlumatlandırıb.

 

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov narkotik alverçilərinin məktəblilərdən istifadə etməyə çalışdıqlarını bildirib: "Narkotiki yayan insanlar məhz sizin təmizliyinizdən, saflığınızdan, dürüstlüyünüzdən istifadə edib sizi bu yollara daha asan çəkə bilirlər. Bəzən bir ailədə bir narkomanın olması o ailənin faciəsinə çevrilir. O valideynlərin də, o ailənin üzvlərinin də hər dəqiqəsi həyəcan içində olur. Hər telefon zəngləri onları narahat edir. Çünki hər an nəsə baş verəcək. Çünki bu insanlar idarəolunmaz olurlar".

 

"Son dövrlərə narahatlıq doğuran problemlərdən biri narkotik istifadəçiləri içərisində qadınların çəkisinin ardıcıl olaraq ilbəil artmasıdır. 2012-ci ildə respublika üzrə narkotik istifadəçiləri arasında 528 qadın, 2015-ci ildə 592, 2017-ci ildə isə 618 nəfərdən ibarət olub".

 

"İlk dəfə həzz almaq üçün, bihuş olmaq üçün qəbul edirlər. Bəzən ətrafındakı dostlar deyir ki, heç olmasa bir dəfə yoxla, xoşun gələcək. Lakin o, ilk dəfə qəbul belə çox güclü asılılıq yarada bilir. Bundan heç kəs sığortalanmayıb, hətta ölüm baş verə bilər. Çünki maddənin necə təsir edəcəyi hər kəsin orqanizmindən asılıdır".

 

Çıxışlardan sonra şagirdlərin suallarına cavab verilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı