ANA DOĞUŞ ZAMANI ÖLÜB, körpəsinin vəziyyəti ağırdır

Bakıda doğuş zamanı ana ölümü baş verib. Budəfəki bədbəxt hadisə dekabrın 19-da Səbail rayonunda yerləşən doğum evində yaşanıb. 3 gün öncə Ələt qəsəbəsindən 5 saylı Doğum Evinə gətirilən 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşova qeysəriyyə əməliyyatı yolu ilə qız övladı dünyaya gətirdikdən sonra vəfat edib. Xəstəxananın şöbə müdiri Nigar Tağıyeva APA TV-yə deyib ki, xəstə yüksək təzyiqlə daxil olub: "Müvafiq müalicə aparılıb. 3 gün şöbədə vəziyyəti stabil qalıb. Bu zaman həmin xəstəyə klinik labarotor müayinələr aparmışıq.  Sidikdə protenoriya cüzi miqdarda olub".

 

Təngənəfəsliklə müşahidə edilən xəstəni dərhal əməliyyat otağına götürülüb. Bu zaman hamilə qadının sidik analizində zülalın miqdarının artmaşı müşahidə edilib. Həkim deyir ki, mama ginekoloq Nigar Abdullayeva tərəfindən aparılan əməliyyat ilkin olaraq uğurla keçib hətta xəstənin vəziyyəti bir neçə saat stabil olub. Lakin yenidən baş verən təngənəfəslik sonda xəstənin ölümünə səbəb olub.

 

33 həftəlik hamiləliklə xəstəxanaya daxil olan Züleyxa Göyüşovanın dünyaya gətirdiyi qız övladının hazırda vəziyyəti orta ağırdır. Körpə xüsusi cihazda saxlanılır və qidalanır.

 

Bu Züleyxa Göyüşovanın ikinci hamiləliyi olub. Ailə qurduqdan 8 ildən sonra ilk övladı dünyaya gəlib ki, hazırda körpə 1 yaş 5 aylıqdır. İkinci övladını görmək isə anaya nəsib olmayıb.  

 

Səhiyyə Nazirliyinin nmətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a hadisənin araşdırıldığını deyib.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.   

 

Müəllif | Apa.Tv