Borcunu istəyən kişini yumruqla vurub öldürdülər - GÖYÇAYDA

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri C.Məmmədovu yumruqla vuraraq itələyib. Yerə yıxılan C.Məmmədov dünyasını dəyişib. Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir. Digər şəxslər isə qara rəngli “QAZ 24” markalı minik maşını ilə hadisə yerindən qaçıb.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmış. C.Məmmədov həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv