Neft yenidən bahalaşdı, amma... - SƏUDİYYƏ VƏ RUSİYANIN ORTAQ PLANI
Birjalarda xam neftin bir bareli sutka ərzində 2 dollara qədər bahalaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft 75,21 dollardan 77,53 dollara yüksəlib. Qərbi Texas markası isə 68,11 dollardan satılır.
ABŞ prezidenti Donald Trampın OPEC üzvü olan İrana sanksiyaları yenidən bərpa etməsi və Venesuelada istehsalın azalmasından sonra neft dəyər qazanıb.
Qiymətlərə mənfi təsir edən amil OPEC üzvlərinin İran və Venesuelada azalan neft ixracının yerini doldurmaq üçün hasilatı artırmaq planıdır. Bazara çıxarılan məhsulun azalan qisminin yerini doldurmaq siyasətini OPEC-in neftin hazırkı qiymətlərini daha real hesab etməsi kimi dəyərləndirmək olar. Rusiya və Səudiyyə Ərəbistanı bu planı dəstəkləyir.
Rusiya və Səudiyyə Ərəbistanın canfəşanlığı onların həm də qiymətlərin ucuz olduğu dövrdə yaranan maliyyə itkisini bərpa etmək üçün daha çox neft satmaq istəyi ilə əlaqədar ola bilər.
Əgər OPEC istehsalı artırsa, may ayında baş verən bahalaşmanın növbəti aylarda müşahidə olunması mümkünsüz görünür.