Amerikalı həmsdər: "Bu dialoqun davamını gözləyirik"

"Biz Minsk qrupunda hər hansı bir qərar qəbul etmək, yanaşma irəli sürmək və onun xeyrinə arqumentlər gətirmək üçün fəaliyyət göstərmirik. Biz münaqişənin həlli üçün buradayıq".

 

APA TV-nin xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın Azadlıq radiosuna müsahibəsində "Ermənistan işğal etdiyi rayonlardan 2-ni qaytarsa, Türkiyə onlarla sərhədi aça və danışıqlara başlaya bilər" fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu səbəbdən də məsələ yalnız qarşı tərəflə müzakirə olunmalıdır.

 

Amerikalı həmsədr Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyi fikrinə də toxunub: "Minsk Qrupu ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün bütün tərəflərlə işləmək mandatına sahibdir. Burada Türkiyə və onun regional əlaqələri ilə bağlı heç bir əlaqə yoxdur.  Bizim işimiz münaqişənin sülh yolu ilə həllini irəli aparmaqdır. Türkiyə qonşu ölkədir və biz bilirik ki, qonşu kimi şübhəsiz, regionda rola malikdir. Türkiyə-Ermənistan əlaqələri vacibdir və biz Türkiyə xarici işlər nazirinin ikitərəfli şəkildə regional məsələləri müzakirə etmək üçün İrəvana səfərini alqışlayırıq".

 

Ceyms Uorlik münaqişənin həlli üçün regionun bütün ölkələri, ATƏT-in üzvləri, vətəndaş cəmiyyətini dinləməyə açıq olduqlarını bildirib.

 

O, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünə toxunaraq konstruktiv dialoq apardıqlarını qeyd edib: "Prezidentlər heç kəsin iştirakı olmadan 90 dəqiqə təkbətək görüşdülər. Onların problemlər barədə ciddi danışmaq imkanları oldu. Hər ikisi inanır ki, bir-biriləri işləyə bilərlər və irəliyə yol var. Bu bizim hər birimiz üçün yaxşı xəbərdir. Biz bu dialoqun davamını gözləyirik".

 

Amerikalı həmsədrin sözlərinə görə, münaqişənin həlli regionda yeni çiçəklənmə erasının başlanmasına səbəb ola bilər.

 

Müəllif | Apa.Tv