Rəşad Mahmudov: "Bir anda Avropa sisteminə inteqrasiya etmək doğru deyil"
"Postsovet məkanındakı səhiyyə sistemini bir anda Avropa sisteminə inteqrasiya etmək doğru deyil. Bu mərhələli şəkildə həyata keçirilməlidir".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın Rəyasət Heyətinin sədri Rəşad Mahmudov deyib.
O bildirib ki, tibbi sığorta məsələsi təkcə İcbari Tibbi Sığorta Agentliyinə aid olan məsələ deyil: "Burada ilkin səhiyyə təbabətinin, ailə həkimliyinin ən yüksək səviyyədə təşkil olunması, tibb təhsili və tibb təhsilindən sonrakı hazırlıqların çox doğru bir şəkildə konkret mərhələlər üzrə aparılması, həkimlərin hüquqlarının və onların etik normalarının qorunması istiqamətində aparılan işlər, xəstə haqlarının qorunması tərəfdən aparılan işlərlə əlaqədar hazırda dünyada gözəl nümunələr var. Biz də o dünya təcrübələrindən doğru, planlı, məntiqli bir şəkildə istifadə etdikcə, səhiyyəmizin gücünə yeni güclər qata bilərik".
Rəşad Mahmudov bildirib ki, hazırda ailə həkimliyi ilə bağlı rezidentura proqramlarının başlaması planlaşdırılır.
Qeyd edək ki, bu gün Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı başlayıb. Konfransın açılış mərasimində bildirilib ki, Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub.
Konfransın iki gün davam edəcəyini vurğulayan Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli deyib ki, toplantıda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri ideya və təcrübələrini bölüşəcəklər.
Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner bildirib ki, konfransda tibb sahəsində aparılan beynəlxalq islahatlar və qazanılan təcrübələr müzakirə olunacaq.
Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın Rəyasət Heyətinin sədri Rəşad Mahmudov konfransda Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyası nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın bir neçə şəhərində icbari tibbi sığorta tətbiq olunur və artıq müsbət nəticələr əldə olunmaqdadır. Əhalinin sağlamlığının qorunmasında ən vacib məsələlərdən biri olan icbari tibbi sığortanın tətbiqi Azərbaycan dövlətinin diqqətindədir.
Konfransın açılış mərasiminin sonunda anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının hazırladığı "Ürəklər Susmasın!" adlı qısametrajlı sosial çarx nümayiş olunub.
Konfrans müzakirələrlə davam etdirilir.