Prezident müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
APA TV xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.
Müqəddəs Ramazan ayında səfirlərlə görüşlərinin ənənəvi xarakter daşıdığını deyən prezident İlham Əliyev Azərbaycanın müsəlman ölkələri ilə çox sıx dostluq əlaqələrinin olduğunu vurğulayıb, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki əməkdaşlığı diqqətə çatdırıb:
"Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram. Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan etmişdir ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük".
Azərbaycanın İslam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynadığını deyən dövlət başçısı bu siyasətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.