Siyavuş Novruzov: "Azərbaycanda əlillərin sayı şişirdilib"
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
APA TV-nin məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxil edilib.
"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi ilə başlayan iclasda millət vəkilləri bir sıra irad və təkliflərlə çıxış ediblər.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, illərdir əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunsa da, yenə də buna yeni nəzərlərlə baxmalıdır: “Elələri də var ki, haqqı çatır, amma əlillik ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”.
Deputat Tahir Kərimli Azərbaycanda tikinti sektorunda çalışanların 8 saatdan çox işlədildiyinə diqqət çəkib: “Onlara qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu, çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır. Onların maaş məsələsinə baxılmalıdır. Kifayət qədər maaş verilməlidir ki, onlar əlavə iş saatına qalıb işləməsinlər”.
“Fiziki şəxslərin vergiləri kəsirlə icra etməsi müəyyən səbəblə izah olunur. Bunun əsas səbəbi sahibkarın vəziyyəti ilə bağlıdır” - deyən millət vəkili Fazil Mustafa bildirib ki, bu problemin həlli üçün sahibkara dəstək verilməlidir: “Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq”.
Deputat Qənirə Paşayeva 2017-ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldilməsini təklif edib.
Deputat Fəzail İbrahimli isə öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çağırıb.
Deputat Qüdrət Həsənquliyev büdcədən elm və təhsil sahəsinə ayrılan xərclərin yetərli olmadığını deyib: “Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min manat istifadə edilməyib. Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt-sterlinqdən çox gəlir götürülür. Bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır”.
Milli Məclisin iclasında vergilər naziri Mikayıl Cabbarov deputatların suallarını cavablandırıb. Nazir qeyd edib ki, mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz: "Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.
Milli Məclis "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.