Tbilisini də kütləvi etiraz aksiyası bürüdü: "BAŞ NAZİR GETSİN"
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir. APA TV-nin Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.
“Məni qətlə yetirmə” şüarlı aksiya əvvəlcə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş edib.
Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdirərək Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefası tələbini irəli sürüblər.
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiyada baş nazir Giorgi Kvirikaşvili və hökumətin istefası tələb olunub. Tələbi Zaza Saralidze səsləndirib. O, Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə dəstəyə görə təşəkkür edərək, onu aksiyaya qoşulmağa çağırıb.
Z. Saralidze qeyd edib ki, baş prokuror İrakli Şotadze istefa versə də, oğlunun qatilləri cəzalandırılmayıb: “Sistem bizə müharibə elan edib. Biz sistemi dağıdacağıq. Kvirikaşvilinin hökuməti sistemi qoruyur”.
Baş nazir G.Kvirikaşvili isə istefa verməyəcəyini bildirib. Bu barədə baş nazir keçirdiyi xüsusi brifinqdə deyib. O qeyd edib ki, onun istefası üçün vəziyyət yetişməyib. G.Kvirikaşvili yeniyetmələrin qətli ilə bağlı istintaqın səhər tezdən Baş prokurorluqdan Daxili İşlər Nazirliyinə qaytarılacağını, istintaqa daxili işlər naziri Giorgi Qaxariyanın rəhbərlik edəcəyini də əlavə edib.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.