Rusiya və İsrailin müdafiə nazirləri görüşdü - İRAN SURİYANIN CƏNUBUNDAN ÇƏKİLƏCƏK

Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlar İsrailin Suriya və İordaniya ilə sərhəddə yerləşən dislokasiya yerləri barədə müzakirələr aparıblar.

 

Müzakirə zamanı Suriyanın cənub-qərbində yerləşən Qolan yüksəkliklərində İsrailə məxsus hərbi qüvvələrin mövqeləri ilə İranın hərbi dəstək göstərdiyi rejim qüvvələri arasındakı münaqişələrdən narahatlıq ifadə olunub.

"Bu ərazidə bir çox problemlər ortaya çıxıb. Bizim Suriyanın cənubunda yerləşən dislokasiya zonaları barədə ABŞ və İordaniya ilə razılaşmamız var" - deyə, Sergey Şoyqu qeyd edib.
 

İsrailin müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın bölgədə İsrailin təhlükəsizliyini təmin etmək üçün atdığı addımlardan məmnunluğunu və ölkəsinin şimal sərhədlərinin təhlükəsizliyinin daim qorunacağından əmin olduğunu vurğulayıb.

 

Qeyd edək ki, bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın cənubunda Əsəd qüvvələrindən başqa heç bir hərbi kontingentin olmayacağını, o cümlədən İran və "Hizbullah"a aid qüvvələrin bölgədən çəkiləcəyini bildirmişdi.

Müəllif | Apa.Tv
Apa.tv