İTV-yə yeni baş direktor seçildi

Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.

 

APA TV-nin məlumatına görə, İctimai Televiziyanın Yayım Şurasının sədri Muxtar İmanov çıxış edərək sabiq baş direktor Cəmil Quliyevin mayın əvvəlində istefa verdiyini xatırladıb və bildirib ki, 1 may tarixində ərizəyə baxılaraq, onun istəyi təmin edilib: "İstefa və ərizəsinin yalnız bir səbəbi var idi: İctimai Televiziyanın baş direktoru Cəmil Quliyevin səhhətində müəyyən problemlərin olması. Cəmil Quliyevə biz təşəkkürümüzü bildirdik və söylədik ki, Yayım Şurasının üzvləri ilə həmişə ehtiramla davranıb".

 

Yayım Şurasının sədri namizədlər barədə məlumat verib. Qeyd olunub ki, müsabiqə elan olunduqdan sonra Rahilə Mehtiyeva, Rauf Abbasov, Balakişi Qasımov, Qərənfil Xəlilova, Səbuhi Abbasov, Sadıq Qarayev və Şəfəq Mehrəliyeva iştirak üçün sənədlərini təqdim edib.

 

Səsvermə nəticələrinin sayılması üçün Hesablayıcı Komissiyanın üzvləri müəyyənləşib. Şura üzvü Azər Həsrət seçki prosesi ilə bağlı məlumat verərək vurğulayıb ki, İTV-nin yeni baş direktoru gizli səsvermə yolu ilə seçiləcək və hər hansı namizədin qalib gəlməsi üçün 6 şura üzvünün səsinə ehtiyac var.

 

Ardınca səsvermə keçirilib.

 

Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov yekdilliklə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

 

Şura üzvlərinə təşəkkür edən yeni baş direktor qurumda kadr islahatları perspektivindən danışıb: "Təbii ki, kadr islahatları gözlənilir. Amma bir şeyi də qeyd etmək istərdim ki, işləmək istəyən və işləməyi bacaran insanlar narahat olmasınlar. Müasir televiziya qurmalıyıq. Ümidvaram ki, fərqi hiss edəcəklər".

 

Yeni baş direktor İTV-nin daha müasir televiziyaya çevriləcəyini qeyd edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov