Milli Məclisdə uşaqlarla bağlı tədbir keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclis və Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş uşaqlar iştirak ediblər.
Bahar Muradova bu əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bu günün tarixi əhəmiyyətindən, ölkəmizin qoşulduğu beynəlxalq Konvensiyalar və qanunvericilik aktlarından söz açıb. O bildirib ki, ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Bu gün uşaqların ən böyük himayədarı olan ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi məqsədilə bir sıra proqramlar həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan hökumətinin uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaratdığını bildirərək, son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Komitə sədri uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlərin önəmli olduğunu bildirib.
Tədbirin sonunda uşaq hüquqlarının müdafiəsi istiqamətində il ərzində keçirilən tədbirlərdə aktivlik nümayiş etdirən bir qrup uşaq diplomlarla təltif edilib.