Xəbərdarlıq: "Çimərlik mövsümündə riskli ərazilərdə istirahət təhlükəlidir"

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizinin sahil zolağında və çimərlik ərazilərində müvafiq tədbirlər həyata keçirilir. APA TV-nin məlumatına görə,

bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.  

 

Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov Xəzərin çirklənməsində bütün sahilyanı ölkələrin payının olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycana aid faktorlar müxtəlifdir:

 

“Çirklənmənin səbəbləri müxtəlifdir. Birincisi Xəzərə istiqamətlənmiş axarlar və bu axarların gətirdiyi bərk tullantı, suyun tərkibində həll olmuş zərərli maddələrdir. İkincisi isə insanların yaratdığı ekoloji yükdür”.

 

Mirsalam Qəmbərov  bildirib ki, sənaye müəssisələrinin fəaliyyəti də dəniz suyunun çirklənməsinə səbəb olur. O qeyd edib ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılıb. 

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə çimərlik mövsümündə riskli ərazilərdə istirahət etməməyə çağırıb:

 

“Şıx və Sahil çimərliklərində zərərli maddələr normadan artıqdır. Nəzərə almaq lazımdır ki,  bir nəfər kəskin mədə-bağırsaq sistemi xəstəliyi ilə xəstələnərsə, bu, ətrafdakı insanlara da təhlükə törədir”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva isə çimərlik mövsümündə anomal istilərin olacağını deyib və müvafiq xəbərdarlıq edib:

 

“Anomal istilərə görə 2006-cı ildə çağırışların sayı 24 faiz artmışdı. Ürək-damar xəstəlikləri ilə bağlı çağırışların sayı isə 34 faiz artmışdı. Bu onu göstərir ki, anomal istilər təhlükəlidir. Xüsusilə, uşaq və yaşlı insanlara müraciət etmək istəyirik ki, anomal istilik olan dövrlərdə günəş şüaları altında qalmasınlar”.

 

Umayra Tağıyeva anomal istilər dövründə günorta saatlarında 11.00-dan 17.00-dək günəş şüaları altında qalmağın riskli olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli