Cümhuriyyətin 100 illiyi ilə bağlı daha iki kitabın təqdimatı keçirilib
"XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları" və "Kaspi"dən seçmələr" kitabının təqdimat mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, Mətbuat Şurası, "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkəti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə çap olunan kitablar geniş oxucu kütləsinə çatdırılıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, çar Rusiyası dövründə qəzet və jurnallarda dövrün problemləri və müstəqillik barədə ideyaların yayımlanması olduqca çətin olsa da "Kaspi" qəzeti bu missiyanın öhdəsindən gəlirdi.
Azərbaycan və rus dillərində nəşr edilən "Kaspi"dən seçmələr" kitabında Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu "Kaspi" qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb.
"Bu dahi şəxsiyyət Rusiya Dumasının üzvü və AXC dövründə parlamentimizin yeganə sədri olub. Eyni zamanda "Kaspi" qəzetinin redaktoru olub. Bu kitabda Əlimərdan bəy Topçubaşovun yazdığı məqalələr toplanıb".
"Kaspi nəşrləri" seriyasının rəhbəri və nəşr olunan kitabların redaktoru Sona Vəliyeva
kitabların əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsinin onlara bu kitab nəşr etdirmək imkanını yaratdığını qeyd edən Sona Vəliyeva deyib ki, "Kaspi nəşrləri" seriyası öz fəaliyyətində xalqımız üçün vacib olan mövzulara geniş yer verməkdədir.
"Eyni zamanda demək istəyirəm ki, "Kaspi nəşrləri" seriyası çərçivəsində Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsi nəzərdə tutulur. Qoy xalqımız onun min bir çətinliklə Dumada keçirdiyi qanunlarla, gördüyü işlərlə tanış olsunlar".
Professor Cahangir Məmmədli isə kitabları böyük informasiya mənbəyi kimi dəyərləndirib və Azərbaycanın dövlət qurucularının tanıdılması işində mühüm rol oynayacağını da diqqətə çatdırıb.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu cür kitabların tariximizin öyrənilməsi üçün olduqca vacib olduğunu deyib.
Daha sonra Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları kitabların əhəmiyyətindən danışıb, onların nəşrini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda isə hər il verilən "Kaspi" mükafatı kitabın ərsəyə gəlməsində əhəmiyyəti rol oynayan sənətşünas alim Ziyadxan Əliyevə təqdim olunub.