Balaxanıda ana ilə qızını güllələyən şəxs tutuldu
Ötən gecə Bakının Sabunçu rayonunda qətl törədən şəxs yaxalanıb.
APA TV-nin xəbərinə görə, Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı, 17 yaşlı Aytən Cəfərovanı və onun anası 55 yaşlı Esmira Cəfərovanı güllələyib və hadisə yerini tərk edib.
3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən anaya sol çiyninin və çənəsinin çoxsaylı yaraları, qızına isə döş qəfəsinin çoxsaylı yaraları diaqnozu təyin edilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.
Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən E.Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb: “Aramızda söz-söhbət oldu. Əsəbiləşdim. Silahı götürüb evlərinə getdim. Qapını açan kimi vurdum. Anası da keçdi qabağıma, ona da gülə dəydi”.
Faktla bağlı araşdırma aparılır.