Cəlilabadda pambıqçılıq müşavirəsi keçirilib

Cəlilabad rayonunda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə dair müşavirə keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Cəlilabad RİH-in başçısı Namiq Zeynalov çıxış edərək rayonda pambıqçılığın vəziyyəti və bu sahədə görülən işlər barədə məlumat verib.

 

Bildirib ki, 2017-ci ildə rayon ərazisində 500 hektar sahədə pambıq əkilib. Bu il isə əkin sahələri 5 hektar da artırılaraq 505 hektar sahəyə çatdırılıb. Müşavirədə daha sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

 

Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov isə çıxışında Çində istehsal olunan rəngli pambıq toxumunun ölkə ərazisində də əkilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bunun üçün artıq Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində sınaq xarakterli kiçik bir sahədə rəngli pambıq toxumu əkilib. Əldə olunacaq nəticə müsbət olarsa, daha geniş sahədə əkilməsi nəzərdə tutulub.

 

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Texniki və gübrə ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzə ilə çıxış edib.

 

 

"Bu cür tədbirlər cəmiyyətimiz üçün çox faydalıdır. Əyani şəkildə fermerlərə aqrotexniki qaydalarını onlara təqdim edəcəyik, onları maarifləndirəcəyik. Çalışacağıq ki, fermerlər öz işlərində xətalara yol verməsinlər, işlərin vaxtında aparsınlar və gördükləri iş keyfiyyətli olsun. Bununla da yükəsk məhsul alaraq, gəlir əldə edə bilsinlər."

 

Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib, onların təklifləri dinlənilib.

 

Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Sabirabad kəndində pambıq əkini sahələri ilə tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv