“Əgər sehrli çubuğum olsaydı...” - UŞAQLARIN SƏRHƏD TANIMAYAN ARZULARI

Rəsm əsərləri, əl işləri, toxumalar, suvenirlər, cürbəcür oyuncaqlar, ən əsası isə uşaqların rəqsi...

 

APA TV-nin məlumatına görə, bütün bunlara "Əgər sehrli çubuğum olsaydı..." adlı sağlamlıq imkanları məhdud uşaqların arzularından ibarət kitabın təqdimatında qarşılaşmaq olar.

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüfən edən tədbirin və kitabın nəşrinin məqsədi də uşaqlara sevinc bəxş etməkdir.

 

Kitab sağlamlıq imkanları məhdud olan uşaqların arzularının incəsənət vasitəsilə ictimailəşdirilməsinə və daha çox diqqət, qayğı, himayəyə ehtiyacı olanların problemlərinin həllinə yönəlib.

 

“TEAS Press” Nəşriyyat evinin “3 alma” uşaq ədəbiyyatı bölməsinin nümayəndəsi Arzu Cəfərova deyir ki, layihəyə dəstək verməkdə məqsəd bu cür uşaqları cəmiyyətə qazandırmaqdır: “Həm uşaqlara hədiyyə olsun, həm də digər uşaqlar, insanlar görsünlər ki, bu uşaqlar da bizlərdən biridir. Onları topluma qazandırmaq, onları həvəsləndirmək üçün biz bu kitabı nəşr etdik”.

 

Təqdim olunan nəşr UAFA (Azərbaycan Birgə Yardım Fondu) və Milli İncəsənət Muzeyinin birgə layihənin məhsuludur. Kitab “TEAS Press” Nəşriyyat evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və çap olunub. Arzu Cəfərova analoji mövzuda yeni kitabların nəşrə hazırlandığını deyib: “Bu mövzuda bizim başqa kitablarımız da var. Bu yaxınlarda "Əngəlsiz arzular" kitabı da çap olunacaq. Orda da fiziki məhdudiyyəti olan uşağın taleyi və onun əzmi, arzularının əngəlsizliyi göstərilir”.

 

Bu gün təqdim olunan kitab sağlamlıq imkanları məhdud olan uşaqların dilə gətirdiyi, ürəyindən keçirdiyi, hətta bəzən xəyalını qurmağa cəsarət etmədiyi arzulardan ibarətdir. Onlar bu arzuları rəsmə köçürərək cəmiyyətə çatdırmaq, sağlamlıqlarını itirsələr də, ümidlərini itirmədiklərini bildirmək istəyirlər.

 

UAFA-nın meneceri Saleh Nəsirov uşaqlara diqqətin ildən-ilə artmasının müsbət hal olduğunu deyir: "Biz bura gözəl uşaqların xətrinə toplaşmışıq. İllərlə izləyirəm bu tendensiyanı. Azərbaycanda uşaqlara diqqət ildən-ilə artır. Bu da sevindiricidir".

 

6 yaşlı Zəhra arzularını APA TV ilə bölüşüb: "Mən bütün xəstə uşaqlara kömək edərdim. Bir də evlərini düzəltdirərdim".

 

İncəsənətlə məşğul olan 12 yaşlı Rəsul deyir ki, əlində sehrli çıraq olsaydı, insanları xoşbəxt edər: "İnsanlar xoşbəxt olsun, problemləri olmasın. Qolbaq düzəldirəm, rəsm çəkirəm. İdmana və rəqsə gedirəm”.

 

UAFA-nin Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzində gündəlik keçirilən təmənnasız qrup və fərdi məşğələ xidmətlərindən istifadə edən 27 uşağın əl işi sərgilənib. Bu əl işlərinin satışından əldə olunan vəsait uşaqların ailələrinə veriləcək. Rəsm müəlliməsi Aysel Əmirova bu işlərə sıfırdan başladıqlarını bildirir: “Biz demək olar onlarla sıfırdan başlamışdıq. Karandaşlarla, sadə qələmlərlə. Ancaq indi onların içərisində rəssamlıqla ciddi məşğul olanlar var. Yağlı boya ilə kətan üzərində də işləyirlər. Fantaziyaları çox genişdir. Bu mövzunu deyəndə də çox sevindilər və hamısı başladı öz arzusunu çəkməyə”.

 

Tədbir iştirakçıları sağlamlıq məhdudiyyətli uşaqların topluma qazandırılması üçün bu cür layihələrə çox ehtiyac olduğunu qeyd ediblər.

Müəllif | Apa.Tv
Apa.tv