Etirazçılar yolları bağladı, polis müdaxiləyə hazırlaşır - TBİLİSİDƏ GƏRGİNLİK ARTIR
Tbilisidə parlamentin binası qarşısında başlamış "Məni öldürmə" şüarlı aksiya iyunun 1-də də davam edib.
APA TV-nin Gürcüstan bürosunun məlumatına əsasən, aksiya ilə bağlı parlamentin binası qarşısında Rustaveli prospekti avtomobillərin və ictimai nəqliyyatın hərəkəti üçün bağlanıb.
Aksiyada müxtəlif ali məktəblərin tələbələri və məhkəmə-hüquq sistemindən narazı olan vətəndaşlar çıxış edərək ötən il qətlə yetirilmiş yeniyetmənin atası Zaza Saralidzeyə dəstək ifadə ediblər.
Z.Saralidze çıxışında yenə də baş nazir və hökumətin istefasını tələb edib. Parlamentin qarşısına çoxlu sayda polis və təcili tibbi yardım maşını cəlb olunub.
Daha sonra aksiya iştirakçıları mərkəzi boşaltmağa başlayıb və mitinqin şənbə günü axşam yenidən bərpa olunacağını bəyan ediblər.