DGK-nın idarə rəisi: "Rusiya Azərbaycandan daşınan məhsulları yoxlamır"

May ayında "Samur" gömrük məntəqəsindən, ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.


APA TV-nin məlumatına görə, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttində, ümumi olaraq 500-600-yə yaxın minik avtomobili yoxlanılır.

Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin sayı da 400-450-dir: "Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı malları qarşılıqlı razılaşmaya əsasən Rusiya tərəfindən yoxlamaya məruz qalmır. Bu da öz növbəsində ixrac potensialının artırılmasına, malların sərhəd keçid məntəqələrində uzun müddət qalmasının qarşısını alır. Hər iki ölkə arasında imzalanmış protokolun məqsədi də bundan ibarətdir. Bu da ixrac potensialının artırılmasına xidmət edir".

 

Keçid məntəqəsində  idxal və ixrac xətlərinin hər birində, eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür: "Bir pəncərə" sistemində əməliyyat nə vaxt bitdi, gömrük zonasından nə vaxt çıxdı, bütün bunların hamısı elektron sistemdə qeyd olunur. Bütün bu prosesi onlayn rejimdə komitədən də, yerli gömrük orqanlarında da izləyə bilirlər".

 

Azər Abasov bildirib ki, Dövlət Gömrük Komitəsində (DGK) vahid "SMS-məlumatlandırma" sistemi yaradılıb. May ayının 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir.

 

Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək. Bundan əlavə DGK Ukrayna, Gürcüstan və İranın gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb. Qarşılıqlı informasiya mübadiləsinə əsasən adıçəkilən ölkələrdən çıxan yük avtomobilləri ilə bağlı məlumatlar daha əvvəldən DGK-ə bildirilir və bu da əlavə vaxt itkisinin qarşısını alır.

 

A.Abasov qeyd edib ki, bu cür əməkdaşlıq Türkiyə və Rusiya ilə də həyata keçiriləcək. Hazırda hər iki ölkə ilə bu mübadilə test rejimindədir və bir ay ərzində tətbiqi nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Leyla Behbudlu