Rusiyadan vətənə qayıdan azərbaycanlılar ağır qəzaya düşdü - 1 ÖLÜ, 11 YARALI

Cəlilabadda aralarında azyaşlıların da olduğu, ümumilikdə 11 nəfərin xəsarət alması, bir nəfərin öümü ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə "FORD" markalı mikroavtobus ilə "Shacman" markalı yük avtomobilinin toqquşması zamanı baş verib.

Yaralılardan Masallı rayonunun Kolatan kənd sakinləri - azyaşlı Səbiyyə Şəmşad qızı Sadıqova, 31 yaşlı Günəş Cabbarova, 20 yaşlı Şəfa Qasım qızı Əbülfəzzadə, 15 yaşlı Aqşin Ehtiram oğlu Quliyev, 16 yaşlı Fərid Ehtiram oğlu Quliyev, 9 yaşlı Şəbnəm Şəmşad qızı Sadıqova, 4 yaşlı İslam Şəmşad oğlu Sadıqov, Bədəlan kənd sakinləri - 23 yaşlı Gülnar Nadir qızı Səmədova və 1 yaşlı Məhəmməd Afiq oğlu Səmədov, eyni zamanda xəsarəti yüngül olan iki nəfər Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Sonuncu iki nəfər tibbi müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb. Qəza zamanı həyatını itirən mikroavtobusun sürücüsü - Rusiya Federasiyası vətəndaşı, 49 yaşlı İmran Dadaşbala oğlu Dadaşovun meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq təhvil verilib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.

Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov