Məhkum: "Burada 15 roman yazmışam" - HƏBSXANADA KİTAB TƏQDİMATI

10 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə gənc yazıçı Səbuhi Qasımovun yeni nəşr edilmiş, "Gecikmiş etiraf" və "Fədailər" adlı kitablarının təqdimatı olub.

 

Bədii ədəbiyyata marağın artırılması, gənc yazarların tanınması məqsədi ilə  keçirilən tədbirdə şair və yazıçılar, kitabların ərsəyə gəlməsində əməyi keçən şəxslər, əsərlərin nəşrini həyata keçirmiş, "Zərdabi" nəşriyyatının nümayəndələri, və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak edib.  

 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  polkovnik Mehman Sadıqov  kitabların məhkumlara  həyatdan dərs almağı öyrədəcəyini deyib.

 

Müəllif bildirib ki,  hər iki kitab vətənpərvərlik mövzusundadır. Əsas sujet xətti isə vaxtilə Qarabağda azadlıq uğrunda mübarizə aparmış, könüllülərdən bəhs edir: "Burada bir qəhrəmanın öz yoldaşları ilə cəbhəyə getməsi, döyüşə atılması, döyüşlərin birində ağır yaralanması, erməni separatçılarına əsir düşməsindən bəhs edir. Kitabda qəhrəmanın keçirdiyi çətin günlər, əsirlikdən qaçdıqdan sonra Rusiyaya üz tutması, ona xəyanət edən "silahdaşlarını" axtarması, onları tapıb məhv etməsi, bundan sonra jurnalist kimi vətənə dönməsindən söhbət gedir".  

 

AYB-nin üzvləri də kitab haqqında öz fikirlərini bildiriblər. Qeyd olunub ki, son illər  Qarabağ hadisələrində öz həyatlarını, canlarını qurban verən fədailər yüzlərlədir. Yazıçı bu əsərləri  həmin fədailərin prototipləri əsasında qələmə alıb.  

 

Məhkumlar arasında da kitab böyük maraqla qarşılanıb: "Hazırda vətənpərvərlik mövzusunda oxuyuruq, çünki vətənimiz bu saat, dar ayaqdadır. Müharibə şəraitidir. Roman yazmaq çox böyük cəsarət tələb edir. Səbuhi Qasımov özünü gənc adlandırsa da, bu çox böyük bir əsərdir, hər adam bunu bacarmır. Mən buna görə onu təbrik edirəm".

 

Məhkum Oruc Həsənov özü də şairdir. 50-yə yaxın müxtəlif mövzularda şeirin müəllifidir. O təkcə şer yazmaqla kifayətlənmir, mütaliə etməyi də sevir. Yerli və dünya ədəbiyyatını oxuyur: "Şəxsi kitabxanam var. Demək olar ki, yerli və dünya ədəbiyyatının hamısını oxumuşam. Oxumuşam ki, 50 kitab yazmışam. Kitablarım hazırda burda yoxdur, amma müəyyən kitabxanalarda var. Kitablarımın ən yaxşılarını zindanda yazmışam. Çap olunmayan 15 kitabım hələ ki, burdadır. 5 kitab dini mövzuda, 5 kitab hikmət və nəsihətlərdir. Vətənpərvərlik mövzusunda da kitabım var, biri "Vətənpərvərlik harayı" adlanır. Azadlığa çıxandan sonra çap etdirəcəyəm".


Deyirlər, bir insanın taleyini dəyişmək üçün sadəcə iki kitab kifayət edir. Biz də bütün məhkumların taleyinin dəyişməsini, tezliklə azadlığa çıxmalarını arzulayırıq.

Müəllif | Apa.Tv
Almaz Qasımova