Göyçaya sel gəldi, Bakı-Qazax yolu bağlandı - MİNLƏRLƏ MAŞIN TIXACDA QALIB

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay rayonuna yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

 

APA TV-nin  yerli bürosunun məlumatına görə, Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb.
 

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb.

 

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

 

Körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki,körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb. 

 

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.  

 

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov