Bakıda ticarət mərkəzlərindən oğurluq edən şəxs tutuldu - KEÇMİŞ MƏHKUMDUR
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli yaxalanıb.
Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzindən ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı sübut olunub. O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman masaların üstündə nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.