Qəbələdə baş verən qəzada əcnəbilər ağır xəsarət aldı - SÜRÜCÜ ÖLDÜ
Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumata görə, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Qəbələdəki "Shenot Palace Health Wellness Hotel" Sanatoraiya Kompleksində tibb işçisi kimi çalışan Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələ ki, məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq sürücü Şakir Əhmədov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıdakı Mərkəzi Gömrük Hospitalına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.