Göyçayda selin dağıtdığı körpünün təmirinə başlanılır - 38 KƏNDİN YOLU BAĞLIDIR
Göyçay çayına gələn güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindən keçən avtomobil körpüsü dağılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan körpü yararsız hala düşüb.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev bildirib ki, körpünün dağılması Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin Göyçay çayının sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Avtombil körpüsünün yanındakı piyada körpüsünü də sel aparıb. Sel suları hər iki körpünün altındakı beton plitələri, sahil-mühafizə bəndini dağıdaraq torpaq qatını yuyub və çay yatağını 20 metr genişləndirib.
Dağılan avtomobil körpüsü 2003-cü ildə inşa edilmişdi və son illər sel sularının, ağır tonnajlı yük avtomobillərinin təsiri nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur. Hadisə ilə bağlı rayonda qərargah yaradılıb və rayon fövqəladə hallar komissiyasının iclası keçirilib, aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpüsünü dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə də ciddi ziyan vurub. Təbii fəlakət zamanı Göyçay çayının yatağı 10 metr dərinləşib, eni isə 30 metr genişlənib. Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.
Təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qazın verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndlə rabitə əlaqəsi kəsilib, 5 kənddə əkin sahələrinə, meyvə bağlarına ziyan vurub. Çayın sol sahilində yerləşən ikimərtəbəli bina və fərdi yaşayış evləri üçün təhlükə yaranıb. Çaya yaxın olan 5 ailə ərazidən köçürülüb, digər 45 ailəyə isə təhlükə artarsa müvəqqəti olaraq mənzillərini tərk edərək başqa yerdə yaşamaları tövsiyə olunub.
Göyçay çayı üzərindəki dağılmış avtomobil körpüsünün bərpası və alternativ körpünün inşası üçün işlərə başlanılıb. Agentliyin mühəndisi Urfan Mütəllimov APA TV-nin yerli bürosuna bildirib ki, iyunun 3-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və mütəxəssislər dağılmış avtomobil körpüsünə baxış keçirib. Onun yerində yeni körpünün və bir qədər aralıda isə alternativ körpünün tikintisi üçün müəyyən məsləhətləşmələr aparılıb. S.Məmmədov çayın səviyyəsi aşağı düşəndən sonra ərazidə inşaat işlərinə başlamaqla bağlı “Körpübinatikinti” ASC-yə göstəriş verib. Hazırda çayda su azalmağa doğru gedir.
İlk növbədə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görülür. Bu məqsədlə iyunun 3-də axşam saatlarında Göyçaya texnikalar gətirilib. Çayın içərisində beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa ediləcək və bir həftə ərzində nəqliyyatın hərəkəti bərpa ediləcək. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedəcəklər. U.Mütəllimov qeyd edib ki, avtomobil körpüsünün 15 metr hissəsi dağılıb, qalan hissəsi möhkəmdir, onu bərpa etmək olar. Onun sözlərinə görə, mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü bərpa etmək olar. Körpünün inşası işləri bir neçə ay davam edəcək.