Ağstafada avtomat satmaq istəyən Qazax sakini ələ keçdi

Qazax rayon sakini silah satmaq istəyərkən saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan APA TV-yə verilən məlumata görə, Qazax rayon sakinində odlu silah olması və onu satmaq üçün Ağstafa rayonuna aparması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovun Ağstafa rayonu istiqamətində hərəkətdə olduğu müəyyən olunaraq saxlanılıb. Vətəndaşa məxsus idman çantasına baxış keçirilən zaman oradan 1 ədəd “AKS-74U”  tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib. Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib. Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli