ABŞ və OPEC arasında qiymət müharibəsi davam edir - ÜMİD VYANAYA QALIB

"Qara qızıl"ın qiymətləri həftəni cüzi bahalaşma ilə açıb.

APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neft 76,48, Qərbi Texas markası isə 65,83 dollardan satılır.

 

İki marka arasındakı fərq 10,35 dollar təşkil edir.
 

Qiymətlərdəki xəfif tərəddüdlərin bir neçə səbəbi var. Əvvəla, Səudiyyə Ərəbistanı da daxil olmaqla, OPEC və tərəfdaş ölkələr məsləhətləşmələr nəticəsində neftə artan tələbat səbəbindən yarana biləcək çatışmazlığın zamanında aradan qaldırılması üçün tədbirlər görülməsini qərarlaşdırıb. Digər tərəfdən, "Baker Hughes"un hesabatına əsasən, ABŞ-da aktiv hasilat quyularının sayı 2015-ci ilin martından ən yüksək səviyyəyə çatıb.

 

Digər tərəfdən Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artırması da qiymətlərin ucuzlaşma səbəblərindən biri olaraq görülür. Belə bir şəraitdə bütün nəzərlər OPEC-in iyun toplantısı və bu görüşə qədər digər kartel üzvlərinin də hasilatın səviyyəsini artırıb-artırmayacağı qərarına yönəlib.

 

Amma analitiklər bu məsələdə artıq müəyyən proqnozlar verir. Belə ki, Cənubi Koreya analitikləri iri neft ixracatçıları tərəfindən hasilatın yenidən artırıla biləcəyini, bunun da birjalarda canlanma yaradacağını proqnozlaşdırıb. Belə bir proqnoza səbəb qurumun Venesuela və İranın səbəb olduğu neft çatışmazlığını aradan qaldırmaq istəyində olmasıdır. 

 

Hər halda, indi hər kəs OPEC-in 22 iyundakı görüşünü səbirsizliklə gözləyir. Çünki həm "qara qızıl"ın, həm də neft ixracatçısı ölkələrin iqtisadiyyatının sonrakı taleyinə məhz bu görüşdə aydınlıq gələcək.

Müəllif | Apa.Tv
Fərid Rəsulov