Lənkəran çimərlik mövsümünə hazırlaşır - MONİTORİNQ BAŞLADI

Xəzərin Lənkəran sahillərində dəniz qumunun sağlamlıq baxımından orqanizmə daha faydalı olması hər il çimərlik mövsümündə bura üz tutanların sayını artırır.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, yerli sakinlərlə yanaşı, Lerik, Masallı, Cəlilabad və Biləsuvar rayon sakinləri də dincəlmək məqsədilə Lənkərana üz tuturlar. Çimərlik mövsümünün yaxınlaşması artıq əlaqədar qurumları da hərəkətə keçirib.

 

Bu məqsədlə dəniz suyunun ilk monitorinqi aparılıb. Monitorinqlərdə əsas diqqət insanların istifadə etdiyi çimərliklərə yönəldilib. 4 məntəqədə aparılan fiziki-kimyəvi və bakterioloji analizlərin standarta uyğun olduğu bildirilir.

 

Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Habil Sadıqov deyir ki, fiziki-kimyəvi göstəricilərinə görə suyun rəngi, üzən qarışıqlar, suyun üzərində olan yağlar və s. aşkar olunmayıb: "Suyun oksidləşmə dərəcəsi də norma həddindədir. Bakterioloji göstəricilərinə görə isə həmin nöqtələrdən götürülən sular bütün sanitar normativlərə cavab verir".

 

Dəniz suyunun analizi çimərlik mövsümü başa çatana qədər mütəmadi olaraq aparılacaq: "İstər yay mövsümündə, istər yay mövsümünün sonuna qədər ay ərzində 4 dəfə, həftədə bir dəfə olmaqla nümunələr götürülüb təhlil olunur. Hər hansı bir problem olarsa, dərhal həmin ərazidə çimərliyin fəaliyyəti dayandırılır".

 

Lənkəranda yay aylarında sakinlərin dəniz sahilində dincəlməsi üçün təxminən 20-dən çox çimərlik fəaliyyət göstərir. Mütəxəssislər isə əhaliyə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının nəzarət etdiyi ərazilərdə çimməyi məsləhət görürlər.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov