Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə edilə bilər

Milli Məclisin komitəsi beyin ölümü keçirən insandan donor kimi istifadə edilməsini nəzərdə tutan layihənin yenidən hazırlanmasına qərar verib.

 

APA TV-nin məlumatına görə, Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

 

Bəzi deputatlar layihədəki “ölü donor” termininin dəyişdirilməsini təklif ediblər. Bununla əlaqədar qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs”, “Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi əlavə edilib. Qeyd olunub ki, ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.

 

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklərin məqsədi beyin ölümü keçirən insandan donor kimi istifadə edilməsinə icazə verilməsidir: “Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə təxminən 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir”.

 

Layihəyə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu halda məhkəmə-tibb eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir .

 

Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan da alına bilər. Meyitdən alınmış orqanların transplantasiyası növbəli qaydada, tibbi göstəriş əsasında öncəliklə Azərbaycan vətəndaşlarına olunmalıdır.

 

Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb. Deputatlar layihənin yenidən müzakirə olunmasını, irəli sürdükləri təkliflərin də layihəyə daxil edilməsini vacib sayıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv