Prezident Goranboy və Naftalana səfər edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.
APA TV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra prezident İlham Əliyev “Region Agropark”ın açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov, aqroparkın direktoru Sənan Qədimov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat veriblər. Bildirilib ki, ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib.
Sonra dövlət başçısı aqroparkın kollektivi ilə görüşüb, aqroparkda ilk buğda biçini prosesini izləyib. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolağının eni isə 3 metrə bərabərdir. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlət başçısı abidə önünə gül dəstəsi qoyub. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.
Daha sonra dövlət başçısı Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin də açılış mərasiminə qatılıb. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Naftalan şəhərinə səfərə gəlib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Daha sonra prezident Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.