Arif Rəhimzadə: "Sovet hakimiyyəti Azərbaycan dövlətçiliyinin əsasını qoydu"

"Sovet hakimiyyəti Azərbaycana divan çəkdi. Ancaq sovet hakimiyyətinin müsbət cəhətləri də oldu axı. Azərbaycanı bir respublika kimi yaratdı, Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Düzdür, biz o dövlətçiliklə razı deyilik. Ancaq bu məsələlər oldu axı".

 

APA TV-nin məlumatına görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.

 

"Əgər Xanlar Səfərəliyev olmasa, Karapetyan olacaqdı. Onsuz da o dövrdə azərbaycanlılar çox az idi. Gəlin, indi bu adları dəyişək ki, bu sovet dövründə olan adamlardır? Nə olsun? Əgər xalqına vicdanla xidmət edibsə, nə olar ki, sovet dövründə olanda? Biz  hamımız sovet dövründə işləmişik. İndi biz xalq düşməni deyilik ki?" - deyə o qeyd edib.

 

İclasda Azərbaycanın 15 rayonunun inzibati ərazi vahidlərinin, kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihə müzakirə olunub. Bu rayonlar Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarıdır.

 

Layihə müzakirələrdən parlamentin plenar iclasına tövsiyə olunub.

Müəllif | Apa.Tv
Apa.tv