Mikayıl Müşfiqin simvolik məzarına gül səpildi

Bu gün Onun günü - Mikayıl Müşfiqin. Anadan olmasından 110 il ötür. Amma o, əbədiyyən 31 yaşında qalacaq.

 

Müşfiqin gənc yaşında şər-böhtanın, repressiyanın qurbanı olması adamı bir tərəfdən göynədir, ziyarət etməyə məzarının olmaması da o biri yandan. Bu səbəbdən bir neçə ildir Xəzər dənizini təsəlli üçün Müşfiqin simvolik məzarı elan etmişik. Müşfiqimiz bu misraları sanki bu günləri hiss edərək yazıbmış:

 

Bu həyatın fərqi yoxdur dənizdən,

İştə onun üzərində rəqs edən,

Qanadlanan ürəklərə and olsun!

 

8-ci Şairlər Günü çərçivəsində ənənəvi olaraq şairlər, yazıçılar, müxtəlif ölkələrdən gələn qələm adamları Mikayıl Müşfiqin xatirəsinə həsr olunan Xəzərə gülsəpmə mərasiminə qatılıblar.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ənənəvi olaraq keçirilən xatirə tədbiri haqqında danışıb: "Bu gün Mikayıl Müşfiqin doğum günüdür. Son illərdə ənənə yaranıb ki, biz onun xatirə günlərində Xəzərə gül atırıq. Çünki onun son mənzili bu dəniz olub. Müşfiqi Nargin adasında güllələyib başqa dustaqlar kimi dənizə atıblar. Bu günü keçirməklə həm Mikayıl Müşfiqin, həm də başqa dustaqların xatirəsini anırıq".

 

Qeyd edək ki, sabah Beynəlxalq Muğam Mərkəzində 8-ci Şairlər Gününün açılış mərasimi keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv