Neft bazarında tərəddüd - ABŞ RUSİYA VƏ OPEC-Ə AĞIZ AÇDI
Xam neftin qiymətləri sutka ərzində ucuzlaşdıqdan sonra yenidən dəyər qazanıb.
APA TV-nin məlumatına görə, 74 dolların altına düşən "Brent" neftinin bir bareli hazırda 75,83 dollara satılır. Qərbi Texas nefti də ucuzlaşdıqdan sonra bahalaşıb. WTI markasının bir barelinin qiyməti 65,89 dollar təşkil edir.
Amerika Neft İnstitutunun hesabatına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 2,03 milyon barel azalıb. Digər tərəfdən, ABŞ Səudiyyə Ərəbistanı və bəzi OPEC üzvlərindən istehsalı gündəlik 1 milyon barel artırmalarını istəyib.
Qiymətlər isə Səudiyyə Ərəbistanı və Rusiyanın may ayının sonlarında İran və Venesueladan qaynaqlanan kəsiri doldurmaq üçün istehsalın artacağını elan etməsindən sonra iki ayın ən aşağı səviyyəsindədir.
Diqqət iki ölkənin bu ay Vyanada istehsalı artırıb-artırmamaqla bağlı qərarına yönəlib.
Mütəxəssislər isə ABŞ-ın istəyi ilə OPEC-in istehsalı artıracağı təqdirdə belə qiymətlərin yüksələn xətlə inkişaf edəcəyini düşünür.
ABŞ-da ehtiyatların azalması da həftə ərzində qiymətləri təsir altında saxlayacaq əsas amillərdəndir.