Sərhədçilərimiz 3 KRİMİNAL QRUPU zərərsizləşdiriblər

Azərbaycanın dövlət sərhədlərinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb.

 

APA TV-nin nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətində keçirilən hesabat müşavirəsində bildirilib. Dövlət proqramının layihəsi 2014-2024-cü illəri əhatə edəcək.

 

Tədbirdə bildirilib ki, bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515 nəfər, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18159 nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılanların 46%-i Azərbaycan, 16,5%-i Özbəkistan, 8,2%-i İran, 4,9%-i Gürcüstan, 4,6%-i Moldova, 3,9%-i Əfqanıstan, 3,5%-i Nigeriya, 2,7%-i Rusiya, 2,3%-i Türkiyə, 7,3%-i isə digər ölkələrin vətəndaşları olub.

 

Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 1 silahlı sərhəd pozucusu zərərsizləşdirilib.

 

DSX tərəfindən il ərzində 2303 nəfər axtarışda olan şəxs tutulub, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

 

2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

 

Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 55 gəmi, Rusiyaya məxsus 8 gəmi, İrana məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 274 qayıq barəsində zəruri tədbir görülüb.

 

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 min metr tor və 500 ədəd qarmaq yığılıb.

 

Tədbirdə qeyd olunub ki, 2013-cü il Azərbaycan Sərhəd mühafizəsi üçün dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulmuş xüsusi tapşırıqların icrası və döyüş hazırlığının daha da yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub.

 

Cari ildə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Lənkəran sərhəd dəstəsində binaların və buraxılış məntəqəsinin açılış mərasimində iştirak edib. DSX-nin hərbi qulluqçuları 5 orden, 37 medalla təltif edilib, 3 zabit ali hərbi rütbəli vəzifəyə təyin edilib, 1 zabitə isə general-mayor hərbi rütbəsi verilib.

 

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1186 mənzilin inşası həyata keçirilib.

 

Müşavirədə qeyd olunub ki, Xəzər dənizinin «Bulla-dəniz» yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində DSX əməkdaşlarının sərrast atəşləri nəticəsində quyunun ağzı yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənib. Nəticə etibarı ilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısı alınıb. Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar parada DSX-nin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikalar nümayiş etdirilib. Sərhəd aviasiyası tərəfindən ilk dəfə olaraq hərbi parada altılıq tərkibində nümayiş uçuşları yerinə yetirilib. Bundan başqa avqust ayında DSX təlim mərkəzində geniş miqyaslı taktiki təlim keçirilib. Sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahələrində ilk dəfə olaraq patrul nəzarəti uçuşları reallaşdırılıb. Sərhəd gözətçi gəmiləri tərəfindən Xəzər dənizinin vacib istiqamətlərində fasiləsiz xidmət təşkil olunmaqla, sərhəd sularında Azərbaycanın mənafeləri təmin olunub. Azərbaycan Silahlı Qüvvələrində ilk dəfə olaraq DSX-nin hərbi hissələrində «Valideyn Günləri»nin keçirilməsinə başlanıb. 

 

Hesabat müşavirəsinin sonunda prezidentin sərəncamı ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

 

Müəllif | Apa.Tv