"Haşdi Şabi" ilə PKK arasında döyüşlər başladı - ABŞ ORDUSU HƏRƏKƏT KEÇDİ
İraqda Mosul vilayətinin Sincar bölgəsində "Haşdi Şabi" ilə PKK terror qruplaşması arasında döyüş olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Sincar polisi qarşıdurmanın hələ də davam etdiyini bildirir.
Hadisə şahidlərinin iddiasına görə, bir müddət davam edən atışma sonrası axşam saatlarında PKK terrorçuları Sincarın mərkəzində toplaşıb. İraq ordusu və "Haşdi Şabi" qüvvələri onları zərərsizləşdirməyə çalışır.
Ölən və yaralananlar barədə heç bir məlumat olmasa da, iki PKK komandirinin ələ keçirildiyi qeyd edilir.
"Haşdi-Şabi" PKK-nın Sincarı tərk etməsini tələb etsə də, onlar bunu rədd edir.
Bu arada ABŞ əsgərləri Sincar dağında ağır texnika və maşınlarla mövqe tutur.
Qeyd edək ki, bundan öncə ABŞ və İraq ordusu bölgənin İŞİD terrorçularından təmizləndiyi və hərbi əməliyyatların dayandırıldığını bildirmişdi.
Türkiyə Silahlı Qüvvələri isə keçən ay bölgəyə hərbi əməliyyatın təşkil olunacağı ilə bağlı xəbərdarlıq etdikdən sonra PKK ərazidən çəkildiyini və bölgəni İraq ordusuna təhvil verdiyini açıqlamışdı.