Sabahdan hava şəraiti kəskin dəyişəcək
İyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 27-32 dərəcə, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 29-34 dərəcə, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 9-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.