Azərbaycan Prezidenti Qubada otel kompleksinin açılışında iştirak edib

Gələcəkdə Azərbaycanın bölgələrində beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikiləcək. Bunu prezident İlham Əliyev Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında deyib:

 

"Çünki bu gün Azərbaycanı dünyada tanıyırlar. Azərbaycanda gedən inkişaf dünya ictimaiyyətinin diqqətini çəkir. Azərbaycanda inkişaf üçün bütün imkanlar - gözəl təbiət, gözəl iqlim, qonaqpərvər insanlar, təhlükəsizlik, - Azərbaycan bəlkə də dünyanın ən təhlükəsiz yerlərindən biridir, insanların xoş münasibəti var. Əlbəttə ki, xidmət də yüksək səviyyədə olmalıdır. Mənim buna şübhəm yoxdur". 

 

Prezident  qeyd edib ki, son illər ərzində Bakıda bir neçə beşulduzlu otel açılıb: 

 

"Təkcə son iki ildə “Kempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” otelləri tikilib, daha əvvəl “Hyatt” oteli var idi. Yəni, Bakıda dünya şöhrətli səkkiz otel şəbəkəsi var. Bu proses artıq bölgələrdə başlamışdır. Qubada da bu, birinci beşulduzlu oteldir. Dünən Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılmışdır. Üçüncüsünün inşası davam edir. Yəqin ki, gələn ilin ortalarına qədər o da hazır olacaq". 

 

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın şimal zonasının inkişafı daha çox turizmlə bağlı olmalıdır. Qeyd edək ki, prezident İlham Əliyev şimal bölgəsinə səfəri çərçivəsində “Şahdağ” qış-yay turizm kompleksində  olub. O, kompleksdə xizək sürüb.

Müəllif | Apa.Tv