Qonşusunun evinə oğurluğa girdi, polis yaxaladı - BAKIDA
Bakıda evə oğurluq məqsədilə daxil olan şəxs iş başında yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxt sakini Asəf Nuruşov K.Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib:
Nərimanov RMİ-nin rəis müavini Səlim Salmanlının sözlərinə görə, polislər dərhal adekvat reaksiya göstərərək oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verib. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Seyfəddin oğlu Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub.
Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədilə mənzilə daxil olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.