BDU-da “Açıq qapı” günü keçirilib
Bu gün Bakı Dövlət Universitetində 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.
APA TV-nin xəbərinə görə, BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü ilə baş tutan tədbirdə valideynlər, ictimaiyyət, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların keçirilmə prosesi ilə tanış olublar. Məlum olub ki, BDU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 4-dən 30-dək keçiriləcək. Bir qayda olaraq yazılı formada aparılan imtahanlar zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həlli məqsədilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin bütün tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.
Auditoriyalarda müşahidə aparan “Açıq qapı” günü iştirakçıları imtahan prosesini eyni zamanda universitetin Tədris Departamentindən də izləyiblər. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov müşahidəçilərlə görüşüb. İmtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsi, hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsi, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi yüksək qiymətləndirilib, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə edilib.
Görüşdə müşahidəçiləri maraqlandıran suallara cavab verilib və irəli sürdükləri təkliflər müzakirə olunub.