Kənd Təsərrüfatı naziri bölgədə fermer və sahibkarlarla görüşüb

Kənd Təsərrüfatı naziri Heydər Əsədov  şimal-qərb bölgəsində fermer və sahibkarlarla görüşüb. Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Yevlax rayonundan gələn 70-ə yaxın fermer və sahibkarı dinləyən nazir qaldırılan məsələlərin həlli istiqamətində tövsiyyə və tapşırıqlarını verib.

 

Şəki rayonunda fermer və sahibkarları qəbul edən Heydər Əsədov kənd təsərrüfatının müxtəlif sahələrinə dair müraciətləri dinləməklə yanaşı sakinlərin problemləri ilə də maraqlanıb, bəzi məsələlərə yerindəcə aydınlıq gətirib. Qəbul zamanı nazir bir sıra məsələlərin yerində həll olunması üçün göstərişlər verib, bir sıra məsələlərin həlli məqsədi ilə canlı bağlantılar yaradılıb, həlli istiqamətində yerlərə nümayəndələrin göndərilməsi razılaşdırılıb. Müraciətlər kənd təsərrüfatı texnikasının, əsasəndə konbayn çatışmazlıqları, kənd təsərrüfatının inkişafı üçün kreditlərin verilməsi, xüsusən bölgəyə məxsus təsərrüfat sahəsi olan fındıqçılığın, qarğıdalıçılığın, çayçılığın, meyvəçilik və damazlığın inkişafı üçün kreditlərin verilməsi, eyni zamanda əkin sahələrinin suvarılması və digər məsələlərlə bağlı olub.

 

Müraciətlər sırasında subsidiyaların verilməsində nöqsanlar, gübrələrin keyfiyyətsizliyi diqqətə çatdırılıb.  Heydər Əsədov qəbul zamanı fermer və sahibkarlara müraciət edərək əsasən taxılçılıqla bağlı səpin işlərində diqqətli olmalarını, mərkəzi icra orqanlarına yalan məlumat verməmələrini tövsiyyə edib. Qeyd edilib ki, belə hallara təsadüf ediləcəyi təqdirdə fermer və sahibkarlar məsuliyyətə cəlb olunacaqlar.

 

Nazir Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində islahatlar gözlənilir:

 

"Yaxın dövrlərdə kənd təsərrüfatında islahatların yeni mərhələsinə başlamaq fikrindəyəm. Mən hesab edirəm ki, belə görüşlər çox əhəmiyyətlidir bizim üçün".

 

Kənd təsərrüfatına xidmət sahəsində qiymətlərin tənzimlənməsi məsələsinə toxunan nazir deyib ki, göstərilən xidmətlərin maya dəyərinin qalxmasına baxmayaraq, nazirlik xidmətlərin qiymətini artırmayacaq. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov