ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin rəsmləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak edib.
Səfirliyin müvəqqəti işlər vəkili Uiliam Qil qeyd edib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan və qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Qeyd olunub ki, ABŞ səfirliyi iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın İnkişaf Agentliyinin və BMT-nin İnkişaf Proqramının dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmasından, özləri, ailələri və cəmiyyətləri üçün yeni imkanlar formalaşdırmasından məmnundur.
Tədbirdə işğal edilmiş torpaqlarımızın azad olunması, xalqımızın daim firavan yaşaması üçün və eyni zamanda şəhidlərin ruhlarına dualar oxunub.