Gələn ildən 9-11-ci sinif şagirdləri yeni üsulla imtahan verəcək

"İnkişaf etmiş ölkələrin inkişaf dinamikasının hərəkətverici qüvvəsi təhsil və elmdir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri təhsil naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən III Beynəlxalq Elmi Təhsil Konfransında səsləndirib.

 

Onun fikrincə, son illərdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində əhəmiyyətli nəticələr əldə olunub: "Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da artsın, dünyanın ən yüksək təhsil standartlarına cavab versin. Bu istiqamətdə bu gün həyata keçirilən tədbir, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, orada qarşımızda duran hədəflər, artıq görülmüş işlər və növbəti illərdə planlaşdırılan işlərin diskussiyası çox vacib istiqamətdir".

 

Ceyhun Bayramov qeyd edib ki, 2019-cu ildə şagirdlərin bilik səviyyəsi TIMS Beynəlxalq Sistemi əsasında qiymətləndiriləcək. Bundan əlavə, nazirlik növbəti ildən ölkə üzrə məktəbəqədər hazırlıq səviyyəsini 90 faizə çatdırmağı hədəfləyib.

 

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, növbəti ildən 9-11-ci sinif şagirdləri yeni üsulla imtahan verəcək. O, yeni modelin təfərrüatlarını tam açıqlamasa da, məsələ ilə bağlı bəzi konturlar verib: "Hazırda biz bu ilin buraxılış imtahanlarının nəticələrini müzakirə edəndən sonra yəqin ki, sentyabr ayında bu sənədləri Nazirlər Kabinetinə təqdim edəcəyik ki, gələn ilin qəbul qaydaları təsdiq olunsun və ondan sonra maarifləndirmə işini başlayacağıq".

 

Konfransda "Təhsil Sistemində insan resurslarının müasirləşdirilməsi", "Şəffaf və Səmərəli İdarəetmə Mexanizmlərinin Formalaşdırılması", habelə digər mövzularda panel-müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv