Qəbələdə VI Gənclər Festivalı keçirilib
Qəbələ rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin və Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşada nümayiş olunub. Hər tərəfi dağlarla əhatə olunan yaşıl sahədə qurulan səhnədə Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Şəki Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının aktyorları çıxış ediblər. Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumuna məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnəsi ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, insanların o dövrdəki yaşayışı milli geyimli aktyorlar tərəfindən peşəkarlıqla canlandırılıb.
Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə və Heydər Əliyevə həsr edilmiş sərgi təqdim olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, eləcə də 1500 nəfərdən çox aktyor, xalq sənətkarları, gənclər və məktəblilər iştirak edib.
Festival atəşfəşanlıqla başa çatıb.