Bakı metrosunun “Sahil” stansiyası istifadəyə verildi
İyunun 7-də Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
APA TV xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlət başçısına ətraflı məlumat verib.
Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyada təmir işlərinə başlanması ilk növbədə eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək, əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.
Dövlət başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub, tapşırıq və tövsiyələrini verib.