Hacıqabulda 11 yaşlı uşaq Kür çayında batıb

Hacıqabulda 11 yaşlı uşaq Kür çayında batıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Hacıqabul rayonu ərazisində qeydə alınıb.

 

Kür çayının Hacıqabul rayonu Meyniman kəndi ərazisindən keçən hissəsində kənd sakini 2007-ci il təvəllüdlü Davud Pirverdi oğlu Zərbalıyev batıb.

 

Davudun dayısı Telman Əşrəfov deyib ki, dünən təxminən 16.00-17.00 uşaq bura gəlib: "4 nəfər olublar. Girib çimib. Çiməndə boğulub. Uşaqlar ona kömək etmək istəsələr də, kömək edə bilməyiblər. Uşağın boğulmasından evdə gec xəbər tutublar".

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarışlar davam edir.

 

Ehtimal olunur ki, yeniyetmənin ayağı suda olan sal daşların arasına ilişib.

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı