Azərbaycan prezidenti: "Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi..."
"Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq".
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur: "Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir".
Prezident İlham Əliyev əlavə edib ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqət və ədaləti bərpa edəcək: "Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər".