Bakıda kanalizasiya quyusunun qapaqlarını oğurlayıb satdılar
Bakıda qeyri-adi oğurluq hadisəsi törədilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub.
Müstəntiq Azər Həsənov bildirib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Cavidan Cabbarov saxlanılıb: “O, etdiyi cinayəti etiraf edib”.
Saxlanılan şəxs ifadəsində həmin qapaqları metal qəbulu məntəqələrinə satdığını bildirib. Polis şöbəsində onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 qram heroin də aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.